Aug 30, 2012

Flagman tarix yazdı


Keçən həftə Bakıdakı oyunda Mahir Şükürovun penaltidən vurduğu qoldan 1 dəqiqə sonra Neftçi qapısında qol görmüşdü. O andan sonra mən də daxil olmaqla, heç kim Neftçinin Şimali Kiprin ən "dəhşət" stadionlarından biri olan "GSP Arena"da APOEL'i uda biləcəyinə inanmadı...

Lap əvvəldən başlayaq. Neftçi ölkə çempionu kimi Çempionlar Liqasının 2-ci seçmə mərhələsindən yarışa başladı. Böyükağa Hacıyevin səhhətində yaranmış problemlər üzündən Neftçini köməkçi məşqçi Tərlan Əhmədov idarə etməyə başladı. Rəqib Gürcüstan çempionu Zestafoni idi. İlk oyundan, evdə 3-0 qalib ayrıldıq. Səfərdə qazanılan 2-2-lik nəticə bizi 3-cü seçmə mərhələsinə çıxarırdı. Bu dəfə rəqib daha güclü idi; İsrail çempionu H. Kiryat Shmona. Səfərdəki oyuna ümidli getsək də 4-0 hesablı məğlubiyyət Çempionlar Liqasının sonu demək idi. Buna baxmayaraq Bakıda uduzmadıq... 2-2. Bundan sonra qarşımızda tək hədəf var idi, o da keçən il Çempionlar Liqasında surpriz etmiş APOEL'i kənarlaşdırıb tariximizdə ilk dəfə Avropa Liqasında qruplara qalmaq idi. APOEL'in keçən ilki heyyətindən bir sıra əsas oyunçusunu itirməsi bizim üçün şans idi. Demək olar ki, başa-baş heyyətlərlə mübarizə aparırdıq. 

İlk oyunda Bakıda istədiyimiz oyunu oynamağımıza baxmayaraq, matçın bitməsinə 10 dəqiqə qalmış penalti qazandıq və bu şansı qola çevirdik. Amma əvvəldə bildirdiyim kimi bu üstünlüyümüzü qoruya bilmədik və rəqibi daha şanslı vəziyyətə gətirdik. 

İlk oyunu İdman TV yayımlasa da ikinci oyunu yayımlamadı. Bəlkə onlar da hamı kimi Neftçinin tarix yazacağına inanmırdı. Lakin deyilənlərə görə Kipr kanalı yayım hüququnu baha qiymətə satmaq istəyib, üstəlik internetdən izləmək belə pullu idi. Ancaq səhv etmirəmsə yayım hüququ UEFA'da olur və bu işləri onlar qaydasına qoyur. Ölkədə bu qədər telekanaldan heç birinin belə vacib oyunu yayımlamaq istəməməsi (!) qəribə haldır. Hər nəisə... Azərbaycanda neçə milyon insan Neftçinin oyununu canlı hesab saytlarından, sosial şəbəkələrdən xəbərləşərək izləyirdi. 


Oyunu tam olaraq izləmədiyim üçün oynanılan oyun haqda heç bir məlumatım yoxdur. 22-ci dəqiqədə sürətli hücumun davamında İmamverdiyevin qolu APOEL fanatlarında soyuq duş təsiri yaradır. 


APOEL şokdan oyanmamış Wobay'ın möhtəşəm qolu GSP Arenanı susdurur. Wobay'ın vurduğu bu qol məncə Avropada həftənin qolları arasında ilk üçlüyə düşər. 


Avropa Liqalarında təcrübəsizliyimizin ucbatından lazımsız zamanda və lazımsız səhvlər üzündən qol buraxırıq. 44-cü dəqiqədə rəqib Benachour ilə hesab arasındaki fərqi birə endirir. İkinci hissədə buraxılacaq 1 qol hər şeyin sonu demək idi. Lakin Neftçi son illərin ən gözəl oyunlarından birini oynayıb, tarix yazdı! 60-cı dəqiqədə Braziliyalı Flavinho APOEL'in yarımmüdafiəsindən topu alıb, cərimə meydançasında işi bitirdi, 1-3! 


Bu Neftçinin ölkə tariximizdə ilk dəfə milli və ya klublararası sahədə Avro kuboklarda qrup mərhələsinə adlaması demək idi. Bizdən öncəki nəsil 60-cı illərdə Neftçinin belə qələbələrinin şahidi olmuşdu, ancaq bizlər onlardan daha yaxşısını gördük. Neftçi, 2012/13 mövsümündə ölkəmizi UEFA Europa League'də təmsil edəcək olan ilk və tək klubdur. Tarix yazan bütün Neftçi heyyətinə, top daşıyan uşağından, həkiminə, texniki heyyətə, məşqçilərə, futbolçulara və ən əsası Böyükağa Hacıyevə təşəkkürlər! Tarixi oyunun video icmalını aşağıda izləyə bilərsiniz.



                                                           

Qeyd: Avropa Liqasının püşkatması bugün günorta saat 16:00-da keçiriləcək. 

Foto: azerisport.com saytına məxsusdur.

No comments: