Jul 25, 2012

Futbol liqalarında vergi faizləri

Son günlərdə futbol liqalarında futbolçuların (işçilərin) aldığı maaş və ödədiyi ağır vergilər bütün dünyada ən çox danışılan mövzudur. Bir çox liqalarda futbolçuların ödədiyi vergi faizləri həddindən artıq çoxdur. Son illərdə Avropa ölkələrində baş verən krizislər vergi faizlərinin artmasında çox böyük rol oynayır. İqtisadi baxımdan bu məsələni tam aça bilmərəm, ancaq federasiyalar bunun qarşısını heç bir şəkildə ala bilmir. Onlar vergi faizini artırır, varlı klublar isə futbolçunun qiymətini, aldığı maaşı. Hətta PSG klubu Ibrahimovic'in vergi faizlərini ödəməyi öz öhtəsinə götürüb. Hansı liqa vergi cənnətidir və ya vergi cəhənnəmidir gəlin buna baxaq.



İspaniya La Liqası vergi cəhənnəminə tam nümunədir. Son 2 ildə futbolçular və federasiya arasında yaranan gərginliklər bunu tam olaraq göstərir. 2011-ci ilin avqustunda futbolçular İspaniya Futbol Federasiyasını baykot etmiş və liqaların başlama tarixi gecikmişdi. Aylarla davam edən danışıqlardan sonra qane edici olmasa da razılığa gəlinmişdi. Həmin baykotun üstündən 1 il keçdi və yenidən İspaniyada vergi faizləri artdı. Hal hazırda 51%-dir. Artıq bir çox futbolçular ağır vergi şərtlərindən qurtulmaq üçün klublarından ayrılıb və ya ayrılmaq həddindədir. Bir çox klublar borc batağındadır. Ronaldo, Messi, Falcao kimi ulduzların oynadığı La Liqada klubların cəmi borcu 1 milyard dollara çatıb. Bu borcun 200 milyonu son 4 ildə yaranıb. Hal hazırda Malaga klubu ərəb şeyxlərinin himayəsində olmasına baxmayaraq vergi borclarından əziyyət çəkir. Əgər klub bu borcları vaxtında ödəməsi aşağı liqaya salınacaq. Keçmiş illərdə super ulduzları transfer edən Real Madrid və Barcelona klubları da bu yay transfer pəncərəsində səssizdirlər. Əslində dövlət orqanları vergi borclarına görə klublara cəzalar versə idi, biz hal hazırda bu ulduzların heç birini La Liqada izləyə bilməzdik. 


Türkiyə Super Liqası isə əsl vergi cənnətidir. Burada vergi faizi sadəcə 15%-dir. 2-ci liqada isə bu rəqəm 10%-dir. Son illərdə tanınmış və ya bir zamanlar ulduz olan futbolçuların Türkiyəyə gəlmə səbəbi bu idi. Burada bir neçə il oynadıqdan sonra isə Dubaya... Keçən il və bu ildən başlayaraq xaricdə oynayan bir çox türk futbolçu öz ölkələrinə qayıdaraq daha az faizlə futbol oynamağı üstün tutdu. Vergi faizlərinin az olması klubların da işini asanlaşdırır. Ancaq məncə bu uzun illər davam etməyəcək. Yavaş-yavaş Türkiyə Super Liqasında da vergi artımını gözləyirəm...


İngiltərə Premyer Liqası stabildir. Burada vergi faizləri 50%-i keçsə də, bu qədər ağır vergi faizinə baxmayaraq, Premyer Liqa ən çox gəlir əldə edilən, ən çox izlənilən liqalardan birincisidir. Demək olar ki, son illərdə burada futbolçu və federasiya arasında narazıçılıq yaranmayıb. Digər liqalardan buraya futbolçu transferi hər zamanki kimi davam edir. Məsələn vergi borclarından əziyyət çəkən La Liqa futbolçuları vergi faizi az o qədər də az olmayan Premyer Liqaya gəlir. 


Almaniya Bundesliqasında bu rəqəm 45%, İtaliya A Seriyasında isə 43%-dir. İtaliyanın tarixi klublarından olan Lazio klubu da 140 milyon dollara çatan borclarına görə çətin günlər keçirmişdi. 2005-ci ildə bu borcu 23 il müddətinə ödəməyə başlamışdı. Ancaq belə aşağı liqaya salınmaqdan qurtula bilmişdi. Qısaca desək federasiyaların ortaq fikri; "çox qazanandan çox almalıyıq". Ancaq Rangers klubunun Lazio kimi bəxti gətirmədi. Keçən aylarda böyük tarixə malik Glazgow Rangers klubu 230 milyon dollara çatan vergi borclarına görə 3-cü liqaya salındı. İqtisadi mütəxəssis Chris Brady deyir ki, "Glazgow Rangers klubunun cəzalandırılması hələ başlanğıcdır. Premyer Liqada 8 klub bu borclara görə cəzalandırılmalıdır". Ölkə federasiyaları bu halları aradan qaldırmaqda çətinlik çəkir. Artıq UEFA da işin içindədir. Və "Financial Fair Play" proqramını tətbiq etməyə başlayıb. Artıq bir çox klub həddindən artıq çox olan borclarına görə Avropanın böyük futbol turnirlərinə qatıla bilmir. Ancaq bu borclardan təmizləndikdən sonra qatıla bilər və ya uzun müddətli ödəmələrdə qurtula bilər. 

No comments: